ATP bu mövsüm keçirilən “Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirinə Rusiya və Belarus tennisçilərinin buraxılmamasına görə sərt qərar qəbul edib. Qurum Böyük Britaniya Laun-tennis Assosiyasiyasını 825 min funt-sterlinq məbləğində cərimələyib. Qərb mətbuatının məlumatına görə, bununla kifayətlənməyən ATP böyük britaniyalılara xəbərdarlıq edib. Belə ki, növbəti mövsümdə də eyni hal təkrarlansa, “Uimbldon” turniri təqvimdən çıxarılacaq. Bu ciddi xəbərdarlıqdan sonra “Uimbldon” turnirinin təşkilatçıları geri çəkilmək məcburiyyətində qalıb. Böyük Britaniyanın nüfuzlu “Teleqraf” nəşri artıq növbəti mövsümdən Rusiya və Belarus tennisçilərinin Londonda mübarizə apara biləcəyini yazıb.
Yeri gəlmişkən, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra tennis yarışlarını təşkil etmək imkanaını itirsə də, artıq şimal qonşularımız müəyyən irəliləyişlərə nail olub. Belə ki, ötən həftə Sankt-Peterburq şəhərində şou xarakterli turnir də keçirilib. Hətta yarış iştirakçılarının çıxışı onların reytinqinə də təsir göstərib.